“Mançester Yunayted” rəhbərliyi məşqçi axtarışlarını yekunlaşdırıb. Böyük Britaniya mətbuatının məlumatına görə növbəti mövsümdən bu komandanı niderlandlı mütəxəssis Erik Ten Haq çalışdıracaq.  Bir neçə gün əvvəl Mançester klubunun rəhbərliyi “Ayaks”ın baş məşqçisi ilə görüş  keçirib. Doğrudur, Ten Haqla görüşdükdən sonra klubun nümayəndələri PSJ-nin baş məşqçisi Maurisio Poçettino ilə də danışıqlar aparıb. Namizədlərdən biri Luis Enrike olsa da, İspaniya yığmasının baş məşqçisi İngiltərə klubunun təklifini rədd edib. Nəhayət müzakirələrdən sonra “Mançester Yunayted” rəhbərliyi Erik Ten Haqa müqavilə təklif etmək fikrinə düşüb.

Elə mançesterlilərin sabiq futbolçusu və kapitanı Roy Kin də niderlandlı məşqçinin təyinatını yaxşı variant hesab edir: “İndiki məqamda seçimi Ten Haqın üzərində etmək doğru varianta bənzəyir. Amma o işə başlamayana qədər nə olacağını demək çətidir. Görünən odur ki, bu mövsüm “Mançester Yunayted” üçün uğursuz keçir. Komandanın Çempionlar Liqasına vəsiqə qazanması üçün hələ 2 ayı var”   Xatırladaq ki, hazırda “Mançester Yunayted”i çalışdıran almaniyalı mütəxəssis Ralf Ranqnik növbəti mövsümdən klubda baş məsləhtçi vəzifəsini tutacaq.